Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
29 Aprel , 2015

    1991- ci rayonumuzun  da həyatında iqtisadi cəhətdən bir çox çətinliklər və problemlər ili olmuşdur. Doğrudur, əldə olunan gəlir əvvəlki illərlə müqayisədə xeyli çox idi. Bəs bunun müqabilində sosial sahədə ötən ilin yekunları barədə nə söyləmək olar?

    Hər şeydən əvvəl onu qeyd edək ki, ötən ilə nisbətən fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 222 manat, kolxozçuların orta aylıq əməkhaqqı isə 746 manat olmuşdur. Kolxozçuların orta aylıq əməkhaqqı 1990- cı ildəkinə nisbətən 2,5 dəfə artırılmışdır. İlin sonuna dövlət və kooperativ ticarətinin pərakəndə əmtəə dövriyyəsinin həcmi 32736 min manat təşkil etmişdir. Bu da əvvəlki ildəkindən 45 faiz artmışdır. Hər bir nəfər orta hesabla keçən ildəki 662 manata qarşı 932 manatlıq məhsul almışdır. Amma qiymətlərin 15-20 dəfə artmasına baxmayaraq əmtəə dövriyyəsinin həcmi 45 faiz artmışdır. Bu hər şeydən əvvəl onunla izah edilməlidir ki, istehlak malları xalqın tələbatı səviyyəsində deyil. Ticarət müəssisələrində məhsul qıtlığı olduğundan əhali istədiyi istehlak mallarını tapa bilmir. Əhaliyə lazım olan əsas istehlak mallarını tapa bilmir. Əhaliyə lazım olan əsas istehlak malları dolayı yollarla möhtəkirlərin əlinə keçir, mağazalarda isə piştaxtalar boş qalır.

    Ötən il əhaliyə müxtəlif pullu xidmətlər göstərilməsi də genişlənmişdir, əhalinin hər nəfərinə orta hesabla 88,8 manatlıq pullu xidmət göstərilmişdir. Bu 1990- cı ildəkindən 41 faiz çoxdur.

    İl ərzində rayonda ümumi sahəsi 18215 kv.metr olan yaşayış evləri istifadəyə verilmişdir. Şəhərdə mənzil növbəsində olan ailələrin 67 faizi öz yaşayış şəraitini yaxşılaşdırmışdır.

     1992-ci ilin əvvəlinə rayonun 9 kənd yaşayış məntəqəsinə qaz çəkilmişdir. Qazlaşdırılmış mənzillərin sayı 1991-ci ildə 259 ədəd artmışdır.

    Ötən il 6 km su kəməri xətti istifadəyə verilmişdir. Hər sakin indi orta hesabla sutkada 63 litr su alır. Lakin su təchizatında itkilər də çox olmuşdur. 1991-ci ildə su itkiləri təxminən 4,5 milyon kubmetrə bərabər olmuşdur. Bu əvvəlki illə müqayisədə çoxdur.

     İl ərzində əhalinin hər 10 min nəfərinə 30,5 həkim, 81,4 orta tibb işçisi düşür. Hər 10 min nəfər hesabı ilə xəstəxana çarpayılarının sayı 106,8, ambulator poliklinika idarələrinin gücü isə 126-dır.

     1991-ci ilin sonuna 33 ümumtəhsil məktəbində 7174 məktəbli təhsil alıb. Məktəblərin 37 faizi informasiyanın əsaları və hesablama texnikası kabinetləri ilə təchiz olunmuşdur. Məktəblərin 73 faizində idman zalı yoxdur. Uşaqların yalnız 42 faizi isti yeməklə təchiz olunmuşdur.

    1992- ci ilin əvvəlində rayon üzrə hər 100 ailəyə 22,8, o cümlədən şəhərdə 55,2, kənd yerlərində isə 14,6 telefon düşür.

     R.Gondalov, Oğuz rayon Statistika İdarəsinin rəisi. 

      27 mart. 1992-ci il.