Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
16 İyun , 2015

             (Bölgəmizdə sığınacaq tapanların sözləri).

    Mayın 12-də doğma Sarıslı kəndini düşmənlərə buraxıb oranı tərk etdiyim anları ömrümün ən ağır çağları hesab edirəm.  Alınmaz qalamız Şuşa xəyanət nəticəsində düşmənə təslim edilmişdir. Ermənilər hər tərəfdən kəndə sarı irəliləyirdilər. İtkilərə məruz qalmamaq üçün kəndi tərk etdik. Hamı sağ-salamat çıxdı. Övladlarımla birlikdə Bərdəyə gəldim. Orada Oğuz rayon yanğından mühafizə dəstəsinin rəisi Şahin Həmidovla rastlaşdım. O, bizi Oğuza gətirdi. İndi onun evində yaşayırıq.

    Dörd oglum, iki qızım var. Böyük oğlumun 40 yaşı, kiçik uşağımın 16 yaşı var. Oğlanlarım Qarabağın müxtəlif yerlərində işləyirlər, ordumuza döyuş sursatı, ərzaq sursatı, ərzaq daşınmasında, müdafiəmizin təşkilində fəal iştirak edirlər.

    Redaksiyaya müraciət etməkdə məqsədim mənə burda göstərilən qayğiya görə rayon camaatına öz minnətdarlığımı bildirməkdir. Qarabağdan gəldiyimizi bilən  kimi adamlar bizə qayğı göstərməyə başlayır, hər cür köməkliklərini təklif edirlər, qeyd etmək istərdim ki, rayonun rəhbərləri bizə diqqətlə yanaşırlar. Mən rayonun icra başçisi Vaqif bəyin qəbuluna getmişdim. O, məni qəbul otağında görəndə Qarabağdan gəlmiş didərgin olduğumu bilib növbədənkənar qəbul etdi. Məni diqqətlə dinlədi, çox səmimi qarşıladı. Dərdim xeyli yüngülləşdi.

     Mən bizim ailəyə, bütün qaçqınlara qayğı göstərən oğuzlulara öz minnətdarlığımı bildirirəm. İnanıram ki, tezliklə torpaqlarımız azad olacaq və biz torpaqlarımıza dönəcəyik. Mən əlimlə yeri cırmaqlaya- cırmaqlaya, dizin-dizin sürünə-sürünə Zarısliya getməyə hazıram. Təki öz ana torpağim özümə qaytarılsın.Mən buna əminəm.

      İsgəndər İsayev.       7 avqust 1992-ci il.