Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
3 İyul , 2015

     Rayonumuzun ərazisində mənası və mənşəyi ciddi elmi tədqiqat tələb  edən toponimlərdən biri də Baş Daşağıldır. İlk baxışdan Daşağıl sözü “Daş “ və “ağıl” sözlərindən ibarət olub, mal-qara qoyun quzu saxlanılan yer kimi izah olunur. Tədqiqatçı E.Nuriyev də “Şəki -Zaqatala zonasının toponimiyası” adlı əsərində “Daşağıl”sözünün izahına məhz bu baxımdan yanaşmış və öz rəyini əsaslandırmaq üçün qeyd etmişdir ki, həqiqətən kəndin ərazisində  iki təbii mağara və bir qayaaltı daş mağara vardır.

     Hər bir toponim tələsikliyə yol verilmədən, onun mənşəyi, yerli coğrafi şəraiti, yaranma tarixi, ötən tarixi dövr ərzində sözün fonetik dəyişiklikləri dərindən öyrənilməklə izah edilməlidir.

    “Baş Daşağıl” toponiminə də məhz bu cür yanaşdıqda onun elmi izahına daha çox yaxınlaşırıq.

     Baş Daşağıl kəndi yaxınlığında bir neçə kənd xarabalığının və köhnə qəbirsanlığın olması, ərazıdə Uğan mağarası, Qazanuçan, Göy Bayır, Salavat qayası,  Ulu çay və s. Qədim dovrlərdə səsləşən toponimlərın geniş yayılması əski çağlardan bu ərazidə insanların məskunlaşmasından xədər verir. Yeri gəlmişken qeyd edim ki, Əlican cayinin böyuk qolu olan Daşağil çayının əmələ gətirdiyi Daşağıl keçidi kəndin şimalından başlayıb Qıdım aşırımında tamamlanır. Keçidin qəbr və şərq tərəfləri Böyük Qafqazın cənub-şərq yamacındakı orta dağlıq qurşağın yan dağlar silsiləsi ilə əhatə olunmuşdur. Həmin dağlar Salavat qayası adlanan yerdə bir-birinə daha çox yaxınlaşır. Burda keçidin eni 300-400 metrdir. Daşağıl keçidinin bir qolu Muxas kəndinin yuxarı hissəsində yerləşən Kilsədağın belindəki Gəmur aşırımı vasitəsilə hərbi Axtı yoluna birləşir. Beləliklə, Daşağıl kəndi bölgənin əsas yaşayış məntəqələrindən bir qədər kənarda, müdafiə əhamiyyətli yaşayış məntəqəsi kimi meydana gəlmişdir. Bu kənd həm də rayonun ərazisindən keçən Şəki və Qəbələ mahallarını birləşdirən əslində qədim Azərbaycanın şimal hissəsini Yaxın Şərq ölkələri ilə əlaqələndirən, yerli əhali tərəfindən “Xan yolu “ adlandırılan qədim torpaq yoldan da 12 km kənarda yerləşirdi.

     “Daşağıl” toponiminin kökünü təşkil edən “daş” sözünün fonetik dəyışkənliyinin nəzərdən keçirərkən də onun ilkin ifadəsinin Daşağıl kəndinin mənşəyinin tarixi və coğrafi amillərlə uyğunlaşdığının şahidi oluruq. Tədqiqatçı T.Əhmədov “Azərbaycan toponimkasının əsasları” əsərində Daş  Salahlı və Daş Veysəlli toponimlərini izah edərkən “daş” sözünün “kənar” mənasını əsas götürmüşdür.

     Azərbaycan dilinin formalaşdığı müəyyən bir tarixi dövrdə “daş” sözü ilə yanaşı , eyni mənalı “dış” sözü də işlənmiş və bu söz də həmçinin “kənar”,  “bayır” mənasında izah edilmişdir.

     Bütün bunları yekunlaşıraraq belə bir nəticəyə gəlirik ki, Baş Daşağıl toponiminin “kənar kənd” mənasında izah edilməsi tarixi və elmi nöqteyi nəzərdən daha məqsədəuyğundur.

     Onu da qeyd etmək lazımdır ki, konkret bir regionda eyni mənalı toponimlər olduqda yarana biləcək dolaşığı aradan qaldırmaq məqsədilə əhali tərəfindən həmin adlara fərqləndərici əlamətlər əlavə edilir. T. Əhmədov  “Azərbaycan toponimkasının əsasları “ adlı monoqrafiyasında qeyd etmişdir ki,  Azərbaycan ərazisində 10 yerdə təkrarlanan 5 toponimdə makroarealın spesifikasından asılı olaraq eyni mövqedə onun sinonimi olan “baş” fərqləndirici əlamətdən istifadə edilmişdir. Müəllif göstərmişdir Aşağı Kəldək-Baş Kəldək, Aşağı Göynük-Baş Göynük, Aşağı Künküt-Baş Künküt, toponimləri kimi Aşağı Daşağıl-Baş Daşağıl, toponimləri də yuxarıda göstərilən fərqləndirici əlamət əsasında yaranmışdır.

        R.Nurməmmədov.  Oğuz şəhər sakini                                                               4 YANVAR 1992-Cİ İL.